Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda ucqar kəndlərdə yerləşən, şagird sayı az olan məktəblərdə müəllim çatışmazlığı və bəzi fənlərin tədrisində yaranan çətinliklər təhsilin keyfiyyəti ilə bağlı müzakirələri gündəmə gətirib.

Bu məktəblərdə distant təhsil modelinin tətbiqi dərslərin vaxtında keçirilməsinə, şagirdlərin fənlər üzrə biliklərinin artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə töhfə verə bilərmi sualı müzakirə olunur.

KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ucqar kəndlərdə şagird sayı az olan bəzi məktəblərdə artıq distant təhsil modelindən istifadə olunur.

“Şagird sayı az olan bəzi məktəblərdə dərslər faktiki olaraq məsafədən keçirilir. Bu yanaşma təhsildə fasilələrin yaranmasının qarşısını alır və şagirdlərə konkret fənlər üzrə biliklərin çatdırılmasını təmin edir”, – deyə Elçin Əfəndi qeyd edib.

Onun sözlərinə görə, ucqar kəndlərdə dərs saatlarının az olması müəllimlərin həmin ərazilərdə işləməyə marağını azaldan amillərdən biridir. Nəticədə bəzi fənlər üzrə dərslərin təşkili çətinləşir, hətta müəyyən hallarda dərslər boş keçir.

Ekspert hesab edir ki, distant təhsil bu problemin həllinə kömək edə bilər. Belə ki, məsafədən tədris vasitəsilə dərslərin müəyyən olunmuş vaxtda və müvafiq fənn üzrə keçirilməsi mümkün olur. Bu isə həm tədrisin davamlılığına, həm də təhsil prosesinin səmərəliliyinə müsbət təsir göstərir.

Elçin Əfəndi əlavə edib ki, qarşıdakı dövrdə şagird sayı az olan digər məktəblərdə və siniflərdə də bu modelin tətbiqi gündəmə gələ bilər.

Beləliklə, ucqar kənd məktəblərində distant təhsilin əhatə dairəsinin genişləndirilməsi müəllim çatışmazlığının aradan qaldırılması və şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının yaxşılaşdırılması baxımından alternativ həll yolu kimi nəzərdən keçirilə bilər.