QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) “Sərfəli Cümə” kampaniyasına start verir. Noyabrın 25-dən 30-dək seçilmiş beynəlxalq istiqamətlərə ekonom və biznes sinifləri üzrə biletləri 25 faizədək endirimlə almaq mümkündür.

“AZAL Miles” iştirakçıları mobil tətbiqdə millərdən istifadə edərək bilet alarkən “BLUEFRIDAY” kodunu daxil etməklə 35 faizədək güzəşt əldə edə bilərlər.

Kampaniya çərçivəsində uçuşlar 2026-cı il dekabrın 1–20-də, 2027-ci il yanvarın 10-dan fevralın 28-dək, eləcə də həmin ilin aprelin 1–30-da nəzərdə tutulub. Bu tarixlər dekabrda başqa şəhərdə bayram keçirməyi, qış aylarında yaxınlarını görməyi və ya yazın ilk səfərini planlaşdıran sərnişinlərə aiddir.

Güzəştin məbləği marşrut və seçilmiş tarifə əsasən dəyişəcək. Endirim yalnız biletin tarif dəyərinə tətbiq edilir, vergi və digər rüsumları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili uçuşlara aid deyil.

Biletləri azal.az saytından, AZAL-ın mobil tətbiqindən, bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.