QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Slovakiyanın Baş prokuroru Maroş Jilinkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Baş prokuror Kamran Əliyev nümayəndə heyəti ilə görüş keçirib.

Kamran Əliyev görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin son illərdə qarşılıqlı etimad və dəstək əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və müxtəlif sahələrdə inkişaf etdiyini bildirib.

İkitərəfli əlaqələrin möhkəmlənməsinə 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya və Slovakiya Prezidenti Peter Pelleqrininin 2026-cı ilin iyulunda Azərbaycana etdiyi rəsmi səfərlərin mühüm töhfə verdiyi vurğulanıb.

Azərbaycanın Baş prokuroru iki ölkənin prokurorluq qurumları arasında əməkdaşlığın davamlı şəkildə genişləndiyini qeyd edib. O, Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı imzalanan Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Habelə, bu il iyunun 22-23-də Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı münasibətləri möhkəmləndirdiyi və praktiki əməkdaşlıq imkanlarını artırdığı bildirilib.

Maroş Jilinka qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əməkdaşlıq, hüquqi təcrübə mübadiləsi və prokurorluqlar arasında peşəkar dialoqun təşviqi sahəsindəki töhfələrini yüksək qiymətləndirib.

Tərəflər cinayətkarlığın müxtəlif növlərinə qarşı mübarizə, ekstradisiya, cinayət işlərində qarşılıqlı hüquqi yardım, hüquqi dialoqun inkişafı, həmçinin təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın artırılması, birgə təşəbbüslərin reallaşdırılması və peşəkar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi də qeyd olunub.

Görüş zamanı Azərbaycan və Slovakiya baş prokurorluqları 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalayıblar. Sənədin ikitərəfli münasibətləri inkişaf etdirəcəyi, qurumlararası əlaqələri möhkəmləndirəcəyi, qarşılıqlı səfərlərə və təcrübə mübadiləsinə imkan yaradacağı bildirilib.

Bundan əlavə, Maroş Jilinka iki ölkənin prokurorluqları arasında münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.

Görüşün sonunda tərəflər prokurorluq orqanları arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik bildiriblər. Slovakiya nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.