QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Yeni il ərəfəsində bayram günlərində işləyən əməkdaşların ödəniş qaydası onların iş rejimindən və əməkhaqqı sistemindən asılıdır. Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bəzi sahələrdə fəaliyyət bayram günlərində də adi qaydada davam edir, digər işçilərə isə bu günlərdə işlədiklərinə görə ikiqat ödəniş verilməlidir.
İctimai nəqliyyat, ərzaq təminatı və kommunal xidmətlər, eləcə də həyat üçün vacib olan digər sahələrdə iş növbəli qaydada təşkil olunur. Belə müəssisələrdə işçinin növbəsinə düşən bayram və ya istirahət günü onun üçün adi iş günü sayılır.
Digər hallarda bayram və istirahət günlərində işə cəlb edilənlərə əlavə əməkhaqqı ödənməlidir. Vaxtamuzd sistemdə həmin günə düşən tarif maaşı ikiqat hesablanır. İşəmuzd ödənişdə isə müəyyən edilmiş norma üzrə qazancın iki misli verilir.
Məmmədov bildirib ki, işçi ilə işəgötürən razılığa gəldikdə, bayram günü görülən iş başqa istirahət günü ilə əvəz oluna bilər. Bu halda əməkdaş bayram günü çalışdıqdan sonra sonrakı tarixdə istirahət edə bilər.
Qanunvericilik qəza və fövqəladə vəziyyətlərin aradan qaldırılması və ya qarşısının alınması kimi zəruri hallarda işçilərin razılığı olmadan işə cəlb edilməsinə də imkan verir.