QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, futbol qarşılaşması zamanı ictimai nəqliyyatda tətbiq edilən xüsusi kampaniya bayramlarda da sərnişinlərə güzəşt verilməsi təklifini gündəmə gətirib.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, idman tədbiri ilə əlaqədar həyata keçirilən bu təşəbbüs müsbət addımdır. Onun qənaətinə görə, güzəşt Yeni il və Novruz bayramlarında da tətbiq oluna bilər.

Vəliyev bayram günlərində ictimai nəqliyyatdan daha ucuz və ya ödənişsiz istifadə imkanının yaradılmasını əhali üçün əhəmiyyətli sosial dəstək kimi qiymətləndirib.

O, məktəblilərin, şəhid ailələrinin üzvlərinin və qazilərin nəqliyyatdan daimi olaraq ödənişsiz yararlanması məsələsinin nəzərdən keçirilməsini də vacib sayıb. Ekspert bu sahədə Türkiyənin güzəştli nəqliyyat təcrübələrinin araşdırılmasını təklif edib.

Müsahibin fikrincə, belə tədbirlər sosial müdafiəyə dəstək olmaqla yanaşı, şəxsi avtomobillərdən istifadənin azalmasına və ictimai nəqliyyatın seçilməsinə şərait yarada bilər. “Əgər paytaxtda tıxacların azalmasını istəyiriksə, bunun üçün ictimai nəqliyyatda daha çox güzəştlər tətbiq edilməlidir”, – deyə Əpoş Vəliyev qeyd edib.