QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İsveçrə ilə Özbəkistan Gülnarə Kərimovanın müsadirə edilmiş əmlakından əlavə 252,5 milyon dolların Daşkəndə qaytarılması barədə saziş bağlayıb. Kərimova Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızıdır və ağır cinayətlərə görə məhkum olunub.

Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına görə, məbləğ BMT-nin iştirakı ilə təsis edilən “İşonç-2030” (“Etimad-2030”) trast fonduna köçürüləcək. Vəsait əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunacaq.

Fond 2012-ci ildə İsveçrənin Baş Prokurorluğu tərəfindən müsadirə olunan Kərimovanın aktivlərinin restitusiya yolu ilə Özbəkistana qaytarılmış hissəsini idarə etmək üçün yaradılıb.

İki ölkə arasında bu məsələ ilə bağlı ilk saziş 2022-ci ildə, növbəti razılaşma isə 2025-ci ildə imzalanıb. Həmin sənədlər əsasında Kərimova ilə əlaqəli cinayət işi çərçivəsində İsveçrədə müsadirə edilmiş təqribən 131 milyon və 182 milyon dollar fond vasitəsilə Özbəkistana verilib.

Kərimovanın Fransa, ABŞ, Latviya və digər ölkələrdə yerləşən aktivləri də daxil olmaqla, ümumi əmlakının dəyəri təxminən 1,4 milyard dollar hesablanır.