QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Kontakt” şirkətinin baş ofisində 12 yaşlı Əli Fətəliyevin əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə onun müxtəlif illərdə çəkdiyi mağaza, telefon və reklam afişası təsvirləri təqdim olunub. Rəsmlərin hamısı satılıb, əldə edilən məbləğ Əlinin ailəsinə çatdırılıb.
Tədbir zamanı Əliyə “iPad” və “Apple Pencil” də hədiyyə edilib. Onun çəkdikləri bir neçə gün əvvəl anasının sosial şəbəkədə yaydığı video ilə diqqətə gəlib.
Anasının sözlərinə görə, ailə alış-verişə gedəndə Əli “Kontakt” mağazasına baş çəkmək istəyir. O, oradakı məhsullara diqqətlə baxır, evə dönəndən sonra isə yadda saxladıqlarını kağız üzərinə köçürür. Rəsmlərdə mağazanın üzərindəki *6060 nömrəsi və telefon kameraları kimi xırда məqamlar da əks olunub.
“Bəziləri düşünə bilər ki, yəqin biz onu bu istiqamətə yönləndiririk. Amma Əlini tanıyanlar yaxşı bilir ki, Əli kimi özəl uşaqları heç nəyə vadar etmək mümkün deyil. O, yalnız ürəyindən gələnləri, sevdiklərini çəkir”, – deyə anası paylaşımında bildirib.
Videonu izləyənlər şərhlərdə “Kontakt”ı qeyd edərək şirkətin diqqətini Əlinin rəsmlərinə yönəldiblər. Paylaşımı görən şirkət komandası onu və ailəsini baş ofisə dəvət edib.
Sərgidə “Kontakt”ın baş direktoru Həsən İsrafilzadə Əliyə minnətdarlığını çatdırıb: “Kontakt həmişə işləyir, çox iş görürük. Hərdən nəsə yaxşı olur, hərdən nəsə pis. Amma bugünkü qədər bizi sevindirən az şey olub. Sən bizə bu qədər sevgi ilə yanaşırsan, çox sağ ol”.
Tədbirlə bağlı daha sonra Əlinin öz səhifəsində də paylaşım edilib. Onun hekayəsi sevilən məkana bağlılığın rəsmlərdəki kiçik detallarla da ifadə oluna bildiyini göstərib. “Kontakt” isə Əlinin əsərlərində illərlə göstərdiyi sevgiyə onu sərgisində qarşılayaraq cavab verib.