QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Ərdoğan “X” hesabında paylaşım edərək yubileyi Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməsindən məmnun olduğunu bildirib.
“Altı il əvvəl qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir”, – Türkiyə Prezidenti yazıb.
O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni mərhələnin əsasını qoyub.
“Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan qələbəni davamlı sülh və sabitliklə möhkəmləndirməkdir. Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində səmimi səylərini də dəstəkləyirik”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Qarabağın bərpası, yenidən qurulması və bölgədə həyatın əvvəlki axarına qaytarılması üçün Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib.
“Qarabağda yenidən yanan hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs nümunəsi Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”, – deyə o əlavə edib.