QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh prosesinin hazırkı mərhələsi barədə danışıb. O, fikirlərini noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı səsləndirib.

Prezidentin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi davam edir və onun konkret nəticələr verəcəyinə ümid bəslənir. Əliyev xatırladıb ki, iki ölkə arasında sülh sazişi bir ildən artıqdır paraflansa da, sənədə hələ imza atılmayıb.

“Artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir”, – Prezident vurğulayıb.

Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyətin dəyişdiyini və Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu bildirib.

Əliyev, həmçinin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyətini qeyd edib.