QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin dövlətçilik və milli yaddaş baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu günü milli qürurla qeyd edirlər.

Babaoğlunun sözlərinə görə, XXI əsrdə xalqın tarixi gücü, cəsarəti, iradəsi və ədalət duyğusu bir daha özünü göstərib. O qeyd edib ki, azərbaycanlılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ətrafında birləşərək birlik və mübarizə əzmi nümayiş etdirib, tarixi qələbə qazanıblar.

Deputat əlavə edib ki, Azərbaycan bu qələbəni sülh təşəbbüsünə çevirə bilib. Onun fikrincə, 30 il işğala məruz qalan xalqın öz haqqını və ədaləti bərpa etdikdən sonra radikal qisasçılıq yoluna getməməsi nadir hadisədir. Babaoğlu bunu Azərbaycan xalqının milli mentalitetinin, mənəvi dəyərlərinin və siyasi yetkinliyinin göstəricisi kimi dəyərləndirib.

O, Zəfərdən sonra Böyük Qayıdış prosesinin başladığını, ölkə üzrə, xüsusilə Qarabağda tikinti, bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Deputatın sözlərinə görə, tarixi torpaqlarda həyat yenidən canlanır, doğma yurdlar dirçəlir.

Babaoğlu vurğulayıb ki, Qələbə hər bir azərbaycanlı üçün fəaliyyətində və gələcəyə dair ümidlərində mühüm motivasiya mənbəyidir. Onun fikrincə, qələbənin yaratdığı milli ruh xalqın mənəvi dünyasında yeni dəyişikliklərə səbəb olacaq və ölkəni gələcək hədəflərə yaxınlaşdıracaq.

Deputat çıxışının sonunda Vətən uğrunda həlak olan şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, Azərbaycan xalqına, Ordusuna və Müzəffər Ali Baş Komandana ehtiramını ifadə edib.