QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialına baş çəkiblər. Dövlət başçıları memorialın qarşısına əklil qoyublar.

Kompleksdə prezidentlərə bildirilib ki, memorial İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncam əsasında yaradılıb. Məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsini yaşatmaq, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq və milli yaddaşı qorumaqdır. Layihə Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında həyata keçirilib.

Dörd bölmədən ibarət memorialın ilk iki hissəsində qurbanların xatirəsinə həsr olunan ekspozisiya zalları yerləşir. Zallardan birindəki “Faciənin siması” instalyasiyası soyqırımı zamanı öldürülən dinc sakinləri və məhv edilən ailələri təsvir edir.

Xocalı soyqırımına həsr olunan ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorçuların Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlarla təqdim olunur. Ziyarətçilər Xocalının tarixi, münaqişənin xronologiyası və soyqırımı haqqında məlumatlarla, eləcə də Ümummilli Lider Heydər Əliyevin faciəyə verdiyi siyasi-hüquqi qiymətlə tanış ola bilirlər.

Zaldakı Xocalı maketində faciə günündə baş verənlər interaktiv şəkildə göstərilir. Digər ekspozisiya zalında isə həmin vaxt tamamilə məhv edilmiş səkkiz ailənin taleyi və bir gecədə yarımçıq qalan arzular süni intellektlə hazırlanmış video vasitəsilə nümayiş etdirilir.

Ekspozisiyada İlham Əliyevin Xocalı həqiqətlərini beynəlxalq səviyyədə tanıtmağa yönəlmiş siyasəti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti əksini tapıb. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə soyqırımı qurbanների xatirəsinə ucalгасан abidələrin maketləri də sərgilənir.

Ekspozisiyanın yekun hissəsində 44 günlük Vətən müharibəsi, dövlət suverenliyinin bərpası, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyaları barədə məlumatlar yer alır.

Rəcəb Tayyib Ərdoğan memorialın xatirə kitabına ürək sözlərini yazıb.