QafqazNews TASS-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında ortaq müdafiə haqqında Məkkə sazişini təsdiqləyib.
Prezident sərəncamı rəsmi hökumət qəzetində, Resmi Gazete-də dərc edilib. Sərəncamda bildirilir ki, sözügedən "Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında Məkkə ortaq müdafiə sazişi", 7 avqust 2026-cı ildə Məkkə şəhərində imzalanmış sənəd təsdiq edilir.
Mətndə qeyd olunur ki, Pakistan və Səudiyyə Ərəbistanı əvvəlcə sazişin ratifikasiya prosedurlarını tamamlayıblar. Sənəd, yaradılmış ortaq müdafiə komitəsi çərçivəsində son ratifikasiya gramotasının katibliyə təqdim edilməsindən sonra qüvvəyə minəcək.
Sazişin müddəalarına görə, üç ölkədən birinə xarici silahlı hücum baş verərsə, bu, bütün iştirakçılara qarşı hücum kimi qəbul ediləcək. Belə halda müttəfiqlər "hücum edilmiş tərəfə dərhal bütün mövcud qarşılıqlı dəstək imkanlarından istifadə etməklə yardım göstərəcəklər".
Eyni zamanda yardımın xarakteri və həcmi ayrıca və fərdi qaydada, mövcud hərbi imkanlar və BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ nəzərə alınmaqla birgə situasiya qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən ediləcək. Əvvəlcə Türkiyə rəsmiləri sazişdə avtomatik olaraq qoşun göndərmək öhdəliyinin mövcud olmadığını vurğulamışdılar.