QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nərgiz Nəcəfovanın qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb. 1996-cı il təvəllüdlü qadın 2020-ci ildə itkin düşmüş, onun doğma atası və ögey anası tərəfindən öldürüldüyü isə dörd il sonra məlum olmuşdu.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şikar Nəcəfov və həyat yoldaşı, 43 yaşlı Ramilə Nəcəfova təqsirləndirilən şəxs qismində mühakimə olunublar. 1965-ci il təvəllüdlü Şikar Nəcəfov Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 18 il, Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, hadisə Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və həyat yoldaşı qızları Nərgiz Cəfərovanın həyat tərzini əsas gətirərək onu öldürmək qərarına gəliblər. Ər-arvad Nərgiz yatarkən ona hücum ediblər.

Ata qızının üzərinə çıxaraq nəfəs almasına mane olub, Ramilə Nəcəfova isə onun ayaqlarını saxlayıb. Daha sonra Nərgizin boyun nahiyəsinə dəmir linglə zərbələr vurulub. Qadının öldüyünə əmin olduqdan sonra meyit dəhrə və balta ilə hissələrə ayrılıb.