QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə tanınmış mütəxəssis Aleksandr Tarakanovun ölkədən getməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna onun vergi borcları səbəb olub.
Azərbaycan millisinin keçmiş baş məşqçisi olan 68 yaşlı Tarakanovun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 7 971 manat borcu yaranıb. Ödənişlərin edilməməsindən sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ona bildirişlər göndərib.
Borc ödənilmədiyi üçün qurum məhkəməyə müraciət edərək, öhdəliklər tam yerinə yetirilənədək məşqçinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib. Məhkəmə iddianı təmin edib.
1958-ci il sentyabrın 8-də Rusiyada doğulan Tarakanov 2019-2026-cı illərdə Azərbaycan yunan-Roma güləşi komandasına rəhbərlik edib. 2020-ci ilin fevralında Bakıda keçirilən təlim-məşq toplanışında milli komandanı formalaşdırıb. Həmin ay Romadakı Avropa çempionatında onun rəhbərlik etdiyi idmançılar iki qızıl və dörd bürünc medal qazanıblar.
2021-ci ilin oktyabrında Osloda təşkil edilən dünya çempionatında Azərbaycan komandası hesabında üçüncü olub. Milli yığma həmin yarışda bir qızıl, bir gümüş və iki bürünc medal əldə edərək bu idman növü üzrə dünya çempionatlarında ölkə üçün rekord nəticə göstərib.
2022-ci ilin aprelində Budapeştdə keçirilən Avropa çempionatında isə Azərbaycan yunan-Roma güləşi komandası ilk dəfə komanda hesabında qitə çempionu olub. Yarışda iştirak edən on güləşçidən səkkizi medal qazanıb: komandaya iki qızıl, bir gümüş və beş bürünc medal gətirilib.
Tarakanov 2026-cı ilin yanvarında milli komandadakı vəzifəsini tərk edib.