QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistanda yerləşən Rusiya hərbi bazası barədə danışacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, danışıqlarda bazanın fəaliyyəti ilə bağlı məsələ də gündəmdə olacaq. Onun sözlərinə görə, həmin baza regionun təhlükəsizliyi və sabitliyi baxımından mühüm rol oynayır.

Peskov Ermənistan tərəfinin bu məsələyə dair mövqeyinin dinlənilməsinin maraq doğuracağını deyib. O, qarşıdakı danışıqların gündəliyini geniş və gərgin kimi xarakterizə edib.

Mətbuat katibi Ermənistanla Rusiya arasındakı münasibətlərin ümumi vəziyyətindən də danışıb. O bildirib ki, mövcud çətinliklərə rəğmən, iki ölkə arasındakı əlaqələr hərtərəfli xarakter daşıyır.

Peskovun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb və Ermənistan tərəfi bu barədə artıq açıqlama verib. Rusiya tərəfi də səfərə hazırlaşır.

Nikol Paşinyan daha əvvəl ilkin razılaşmaya əsasən, Moskvaya səfərinin dekabrın 3-nə planlaşdırıldığını bildirmişdi.