QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, keçmiş Dəmiryol xəstəxanasının yerləşdiyi sahədə aparılan tikinti və söküntü işləri sakinlərin narazılığına yol açıb.
Sakinlər bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, ağır texnikadan istifadə olunan işlər əsasən gecələr görülür və yaxınlıqdakı binalarda yaşayanların istirahətinə mane olur. Müraciət edənlər ərazidə ağacların da kəsildiyini iddia edirlər.
Cari ildə Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, xəstəxana sahəsində agentlik üçün nəzərdə tutulan yeni infrastrukturla əlaqədar tikinti-söküntü və təmizləmə işləri aparılır. Onun sözlərinə görə, işlər yalnız saat 18:00-dək davam edir.
Qurbanov qeyd edib ki, iritonnajlı yük avtomobillərinin əraziyə hərəkəti “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarda müəyyənləşdirilmiş vaxt rejiminə uyğun təşkil olunur.
Agentlik rəsmisi ağacların kütləvi kəsilməsi ilə bağlı iddiaları da rədd edib və bu məlumatların əsassız olduğunu bildirib.