QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasında “Beşiktaş” və “Hapoel” arasında keçirilən qarşılaşmada baş verən iğtişaşların araşdırılması üçün etika və intizam müfəttişləri təyin edib. Matç Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA-nın rəsmi saytında yayılan açıqlamada qurum stadionlarda, o cümlədən azarkeşlərin iştirakı ilə baş verən ciddi zorakılıq və qarışıqlıqların qətiyyətlə pisləndiyini bildirib.
Təşkilatın mövqeyinə görə, futbolda zorakılıq, təcavüz, nifrət, habelə təxribatçı, irqçi və ekstremist davranışlara yol verilə bilməz.
UEFA hadisələri araşdırmaq və qaydalara əsasən müvafiq faktları müəyyənləşdirmək məqsədilə bütün əlçatan sübutların nəzərdən keçiriləcəyini, bunun üçün etika və intizam müfəttişlərinin təyin olunduğunu qeyd edib.
Dünən Gürcüstanın Batumi şəhərində keçirilən oyunun ilk hissəsinin ortalarında stadionun təhlükəsizlik əməkdaşları “Beşiktaş” azarkeşinin Fələstin bayrağını almağa cəhd göstərib. Digər türk azarkeşləri həmin şəxsi müdafiə etməyə başlayandan sonra kütləvi dava yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib.
Təxminən 40 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.