QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev qəbul imtahanlarının test və əzbərçiliyə əsaslanan modeldən daha çox bilik və bacarıqların tətbiqinə yönəlmiş formata keçirilməsini təklif edib. Onun sözlərinə görə, yeni yanaşmada öyrənmə, yazı və dinləmə bacarıqları daha çox nəzərə alınmalıdır.
Nurəliyev bildirib ki, model dəyişərkən qiymətləndirmə mexanizmi də düzgün qurulmalı, imtahanların yoxlanılması elektronlaşdırılmalıdır. Hazırda Dövlət İmtahan Mərkəzində açıq tipli suallar markerlər tərəfindən qiymətləndirilir və bu prosesdə insan faktoru qalır. Ekspertin qeyd etdiyi kimi, apellyasiya zamanı bəzi cavabların yanlış yoxlanıldığı müəyyənləşir, nəticədə abituriyentlərin balları bərpa olunur.
Onun fikrincə, şifahi nitqin qiymətləndirilməsi və biliklərin tətbiqinə əsaslanan tapşırıqlar imtahanlara daxil edilərsə, elektron yoxlama daha vacib olacaq. Bu, şagirdlərin vaxtına qənaət etməklə yanaşı, nəticələrin daha tez yoxlanmasına imkan verə bilər.
Ekspert məktəbdə tədris olunan proqramla qəbul imtahanlarının məzmununun uzlaşdırılmasının da zəruri olduğunu deyib. O, Azərbaycan dili fənnində fonetika və leksikanın 5-ci, nitq hissələrinin 6-7-ci, söz birləşmələri və cümlə üzvlərinin isə 8-ci sinifdə keçildiyini xatırladıb. Şagirdlərin həmin mövzuları universitetə hazırlaşdıqları 10-11-ci siniflərdə yenidən öyrənməyə ehtiyac duya bildiyini vurğulayıb.
Nurəliyevin sözlərinə görə, bu vəziyyət əlavə hazırlığa tələbi artırır. Hazırda qəbul proqramının yalnız 5-6 faizi 10-11-ci sinif materiallarını əhatə edir. Buna görə də yuxarı siniflərə çatan şagirdlər proqramın əsas hissəsini əvvəlki illərdə keçdiklərini təkrar mənimsəməli olurlar.
Ekspert Elm və Təhsil Nazirliyinin yaratdığı təmayül sinifləri və məktəblərində tədrisin ali təhsilə hazırlıq istiqamətində qurulduğunu qeyd edib. Onun qənaətincə, bu təcrübənin mərhələli şəkildə ümumi təhsil məktəblərinə də yayılması və tətbiq imkanlarının artırılması məqsədəuyğun olardı.
Ramin Nurəliyev SAT, IELTS və TOEFL nəticələri ilə Azərbaycan universitetlərinə qəbul imkanlarının yaradılmasını mümkün sayır. Bununla belə, o, beynəlxalq imtahanlara üstünlük verilməsi naminə milli qəbul sisteminin arxa plana keçirilməməli olduğunu bildirib. Ekspert həmin nəticələrlə, məsələn, tədrisi ingilis dilində aparılan ixtisaslara ayrıca plan yerləri ayrılmasını, bu seçimdən keçməyənlərin isə Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etməsini təklif edib.
Qəbul imtahanlarında fənlərin sayının azaldılmasını da vacib hesab edən ekspert 5-6 fənn üzrə imtahanın şagird və valideynlər üçün əlavə yük yaratdığını deyib. O, buraxılış mərhələsində Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə qiymətləndirmədən sonra ixtisas qruplarına uyğun fənlərin əlavə edilməsini, hətta vahid formatda imtahan keçirilməsini mümkün variant kimi göstərib.
Təklifə əsasən, birinci ixtisas qrupunda riyaziyyat və kimya altqrupu üçün kimya, informatika altqrupu üçün isə informatika əlavə oluna bilər. Bu halda hər iki altqrup üzrə dörd fənn kifayət edər. İkinci qrupda coğrafiya, üçüncü qrupda tarix, dördüncü qrupda isə biologiya əlavə fənn kimi müəyyənləşdirilə bilər.
Ekspert jurnalistika ixtisasına qəbul zamanı qabiliyyət imtahanlarının da yenilənməsinə ehtiyac olduğunu bildirib. Hazırkı qiymətləndirmədə əsasən mətn və inşa yazısı nəzərə alınır. Nurəliyev jurnalistin danışıq və nitq bacarıqlarının da qiymətləndirilməli olduğunu, yalnız yazı nümunəsinin namizədin qabiliyyətini tam göstərməyə biləcəyini söyləyib.
O, Dövlət İmtahan Mərkəzinin testlə yanaşı inşa, esse və açıq suallardan istifadə etdiyini xatırladaraq, bu formatların yalnız qəbul imtahanlarında deyil, universitetlərin semestr imtahanlarında da daha geniş tətbiqini mümkün hesab edib.