QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hökumətin hazırladığı yeni Konstitusiya layihəsini tənqid edərək, sənədin əvvəlini Əliyev, davamını isə Nikol üslubunda xarakterizə edib.

O, noyabrın 27-də İrəvanda cinayət işi üzrə məhkəmə iclasının keçirildiyi binadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Sarkisyan konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyanın layihə barədə fikirlərinə toxunaraq, preambulanın rəsmi Bakının mövqeyinə uyğunlaşdırıldığını iddia edib.

“Sənədin əvvəli Əliyev üslubundadır, davamı isə Nikol üslubunda. Bundan başqa əlavə edəcəyim yoxdur”, – sabiq prezident bildirib.

Sarkisyan, həmçinin, hazırkı hakimiyyətin yeni Konstitusiya qəbul etmək üçün legitimliyə malik olmadığını söyləyib.

Onun çıxışından bir neçə gün əvvəl Ermənistanda 15 müxalifət partiyası və bloku birgə bəyanatla yeni konstitusiya referendumuna qarşı birgə mübarizə aparacaqlarını açıqlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini noyabrın 23-də ictimaiyyətə təqdim edib. Layihənin girişindən 1990-cı il Ermənistan Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Rəsmi Bakı həmin istinadı sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb.

Mənbədə bildirilir ki, qüvvədə olan Konstitusiyada Bəyannaməyə istinad yer alırdı. Buna görə ali qanunda Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan 1989-cu il qərarına əsaslanan ərazi iddiası, eləcə də Türkiyənin şərq vilayətlərinin “Qərbi Ermənistan” adlandırılması və qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına dair müddəalar qüvvədə qalırdı.