QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 27-də İsveçrənin Sürix kantonunda, A1 magistralında 37 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
Hadisə yerli vaxtla saat 05:45 radələrində Effretikon və Vintertur-Töss yaşayış məntəqələri arasında qeydə alınıb. Toqquşan nəqliyyat vasitələrinin 23-ü minik avtomobili, 8-i yük maşını, 6-sı isə mikroavtobus olub.
Qəza zamanı xəsarət alan 10 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sının vəziyyəti yüngül, 4-nün isə orta ağır qiymətləndirilib. Avtomobillərdən birində sıxılmış sürücü xilasedicilərin köməyi ilə çıxarılıb.
İlkin qiymətləndirməyə əsasən, qəzaya qışın əlverişsiz hava şəraiti və buz bağlamış yol səbəb ola bilər.
Zədələnmiş maşınların və yanacaq tankerinin ərazidən təhlükəsiz çıxarılması üçün A1 yolunun Sankt-Qallen istiqamətində hərəkət axşam saatlarınadək tam bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.