QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Sabah”ın ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Fanatların bir qismi stadionda oyunu izləmək şəraitini, nəqliyyat imkanlarını və infrastrukturu problemli hesab edir.

Futbol eksperti Arif Əsədov bildirib ki, stadionun quruluşu tamaşaçılar üçün müəyyən çətinliklər yarada bilər. Onun sözlərinə görə, avtomobillə gələnlər parkinq yeri tapmaqda çətinlik çəkir, maşını kənarda saxladıqdan sonra isə uzun məsafəni piyada qət etməli olurlar.

Əsədov stadionun üstünlükləri sırasında böyük tutumu və keyfiyyətli meydançanı qeyd edib. Bununla yanaşı, bəzi tribunlardan meydança və futbolçular uzaqda göründüyünə görə qarşılaşmanı aydın izləmək mümkün olmur. Ekspertin fikrincə, bu amillər stadionun tamaşaçılar üçün rahatlığına təsir edir.

O, ölkədə stadionların sayının artmasının futbolun inkişafına müsbət təsir göstərəcəyini deyib: futbolçular yaxşı meydançalarda oynayar, azarkeşlər isə matçları daha rahat izləyə bilərlər. Əsədov əlavə edib ki, şəhər mərkəzində yeni stadion tikintisi üçün uyğun yer tapmaq getdikcə çətinləşir.

Ekspertin sözlərinə görə, uşaq futbolu üzrə dünya çempionatına hazırlıq zamanı qısa müddətdə Hövsəndə meydançalar inşa olunub. Həmin obyektlər futbolçuların məşq etməsi və oyun keçirməsi üçün uyğundur.

Azarkeşlərin matçı izləməsi baxımından Əsədov Tofiq Bəhramov adına Respublika Stadionunu ən yaxşı məkanlardan biri sayır. O bildirib ki, bu köhnə stadionun zəngin tarixi var və burada bir çox tanınmış futbolçu, korifeylər çıxış edib.

Mərdəkandakı Dalğa Arenanı da azarkeşlər üçün əlverişli stadionlardan biri kimi dəyərləndirən ekspert, həm parkinq, həm də oyunu izləmək şəraitinin rahat olduğunu vurğulayıb. Onun qeyd etdiyinə görə, Bakcell Arenada xüsusən böyük oyunlar zamanı avtomobil saxlamaq çətinləşə bilər. Masazırdakı stadion yaxşı olsa da, ora ictimai nəqliyyatla getmək müəyyən problemlər yaradır.

Əsədov ümumi seçimdə Tofiq Bəhramov adına Respublika Stadionunu azarkeşlər üçün ən uyğun variantlardan biri hesab etdiyini bildirib.