QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova insanların it və pişiklərə övladları kimi yanaşmasının arxasında qayğı göstərmək və kiməsə lazım olduğunu hiss etmək ehtiyacının dayana biləcəyini bildirib.

Son illər ev heyvanlarına münasibət dəyişib: bəzi insanlar onları ailənin üzvü sayır, ad günlərini qeyd edir, geyim və oyuncaq alır, hətta öz rahatlıqlarından əvvəl heyvanların ehtiyaclarını düşünürlər. Əhmədovanın sözlərinə görə, bu yanaşma hamı tərəfindən eyni cür qəbul edilmir.

Psixoloq deyib ki, heyvanın səmimi qarşılanması, sahibini gözləməsi və heç nə tələb etməməsi insanı sakitləşdirə, təkliyini azalda bilər. O, Ekzüperinin “Balaca şahzadə” əsərindəki tülkünün fikrini xatırladaraq, əhliləşdirilən varlığa görə məsuliyyət daşımağın ev heyvanına bağlılığın əsas mənalarından biri olduğunu vurğulayıb. Onun fikrincə, sevginin özü deyil, həddi önəmlidir: heyvana bağlılıq yaxınlara vaxt ayırmağa mane olmursa, ailəyə zərər vermir.

Əhmədova qeyd edib ki, heyvanların sədaqəti, o cümlədən sahibini illərlə gözləyən itlər barədə hekayələr insanlarda onlara xüsusi rəğbət yaradır. Heyvansevər şəxslərə ətrafın daha isti münasibət göstərməsi də bəzilərini bu imic naminə heyvan saxlamağa sövq edə bilər. Psixoloq bunu bəyənilmək ehtiyacı ilə əlaqələndirib.

Onun sözlərinə görə, heyvanla münasibət insan münasibətlərindən daha asan görünə bilər: heyvan tənqid etmir, keçmişi xatırlatmır və deyilənlərə görə incimir. İnsanlarla ünsiyyətdə isə qarşılıqlı güzəşt, dinləmək və bəzən özünü müdafiəsiz hiss etmək lazım gəlir. Əvvəllər məyusluq yaşamış şəxslər yaxınlıq qurmaqdan çəkinərək sevgilərini daha təhlükəsiz hesab etdikləri münasibətə yönəldə bilərlər.

Psixoloq Turgenyevin “Mumu” əsərindəki Gerasim obrazını nümunə gətirib. Ətrafındakılarla anlaşa bilməyən Gerasim mehribanlığını itə göstərir. Əhmədovanın fikrincə, əsər insanın sevgi ehtiyacının böyük olduğunu, onu anlayan insanlar olmadıqda bu hissin heyvana yönələ biləcəyini göstərir.

G. Əhmədova övlad sahibi olmaq imkanı olmayan qadınların yaşadığı çətinliklərdən də danışıb. Bəzən insan öz orqanizminə, taleyinə və ətrafına qarşı inciklik hiss edir, qayğısını heyvana yönəldir. Psixoloq belə vəziyyətdə qınağın deyil, dəstəyin vacib olduğunu bildirib. Lakin bağlılıq yalnız heyvana yönəlib insanlara qarşı küskünlüyü artırırsa, diqqət həmin şəxsin ehtiyaclarına verilməlidir.

Ev heyvanı ailədə fikir ayrılığı da yarada bilər. Vaxt, xərclər, yataq otağı və səyahət planları mübahisə mövzusuna çevrilə, tərəflərdən biri hisslərinin qəribə qarşılandığını düşünə bilər. Əhmədova vurğulayıb ki, heyvanı sevməyən şəxsin təmizlik və xərc kimi narahatlıqları nəzərə alınmalı, heyvanı sevən tərəfə də kiçildici münasibət göstərilməməlidir. Ev qaydaları birlikdə müəyyənləşdirilməli, ər-arvadın bir-birinə ayırdığı vaxt da qorunmalıdır.

Psixoloqun sözlərinə görə, heyvan ailədə yalnız mübahisə yaratmır, bəzən incik cütlüklərin münasibətini də yumşalda bilər. Birgə qayğı, gəzintilər və heyvanın davranışlarına gülmək tərəflərə ortaq mövzu verir. Heyvan haqqında başlayan söhbət sonradan başqa mövzulara keçə bilər.

Əhmədova bildirib ki, ev heyvanı qayğı göstərmək və məsuliyyət daşımaq ehtiyacını qarşılasa da, övladla münasibət eyni deyil. Uşaq böyüyür, öz yolunu seçir və valideynlik onu müstəqil buraxmağı da ehtiva edir. Heyvanla bağlı münasibətdə belə mərhələ yoxdur. O, Çingiz Aytmatovun “Əlvida, Gülsarı” əsərində Tanabayla atın bağını dərin yoldaşlıq nümunəsi kimi dəyərləndirib, bunun övladla münasibətdən fərqləndiyini söyləyib.

Psixoloq əlavə edib ki, övladsız yaşamaq şüurlu və sağlam seçim ola bilər; əsas məsələ bu qərarın qorxu və qaçışdan deyil, insanın özünü yaxşı tanımasından qaynaqlanmasıdır. Əhmədovanın fikrincə, insanlar həyatda müxtəlif ehtiyaclarına uyğun addımlar atırlar, aclıq isə yalnız bioloji hisslə məhdudlaşmır.