QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Xalq artisti Eyyub Yaqubov Buzovna sahilindəki qanunsuz tikililər və tarixi qayalıqların hasarlanması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Sənətçi təbii abidənin beton hasarlardan təmizlənməsini və sahilin yenidən ictimaiyyətin istifadəsinə verilməsini xahiş edib.
Yaqubov uzun fasilədən sonra əraziyə gəldiyini, dəniz kənarında böyük dəyişikliklər gördüyünü deyib. O, Buzovna kəndində Xəzər sahilində yerləşən qayalıqları Allahın bəxş etdiyi ecazkar məkan kimi təsvir edib və sahilboyu ərazilərin evlərlə dolduğunu bildirib.
Xalq artisti yaranmış vəziyyəti acınacaqlı adlandıraraq, sahilin və torpaqların bu cür zəbt edilməsinin yolverilməz olduğunu vurğulayıb. O, məsələyə diqqət göstərilməsinə çağırıb.
Yaqubov Prezidentin də bu mövzu barədə danışaraq onu gündəmə gətirdiyini qeyd edib. Sənətçinin sözlərinə görə, yaxın vaxtlarda məsələyə ciddi nəzarət olunacağına, əvvəlki harmoniya bərpa edilərək vəziyyətin qaydasına düşəcəyinə ümid edir.