QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransada şənbə günü keçirilən aksiyalar zamanı 219 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkə üzrə baş tutan 137 nümayişə ümumilikdə 106 minə yaxın insan qatılıb. Onların təxminən 24 mini Parisdə etiraz edib.
Aksiya iştirakçıları əsasən bahalaşmaya və polisin nümayişçilərlə sərt rəftarına qarşı çıxıblar. Paytaxtda hüquq-mühafizə orqanları gözyaşardıcı qaz tətbiq edib. Qarşıdurmalar zamanı xəsarət alanların olduğu bildirilib.
Etirazlar sentyabrın ortalarında Paris ətrafındakı ərazilərdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayıb. Sonradan yaşayış xərclərinin artmasından narazı sakinlər də aksiyalara qoşulublar.
Nümayişlərin ən böyük miqyası oktyabrın 17-də qeydə alınıb. Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, həmin gün ölkə üzrə aksiyalara təxminən 550 min nəfər qatılıb. Asayişi qorumaq üçün polis gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından yararlanıb.
Etirazçılar məktəb infrastrukturunun yenilənməsini və qiymət artımlarının dayandırılmasını tələb ediblər. Fransa hakimiyyəti sosial gərginliyi azaltmaq məqsədli geniş tədbirlər paketini hələ təqdim etməyib.