QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, SpaceX-in kosmik gəmisi ABŞ-nin Texas ştatındakı Starbase kosmodromunda, təxminən 22 saatlıq uçuşun ardından buraxılış qülləsinin mexaniki qolları ilə havada tutulub. “Mechazilla” adlanan qüllənin “yemək çubuqları” kimi tanınan bu qurğuları gəmini saxlayıb.

Orbitə çıxmış kosmik gəminin buraxılış qülləsində mexaniki qollarla tutulması kosmik uçuşlar tarixində ilk belə hadisə sayılır.

SpaceX-in 15-ci sınaq uçuşunda Super Heavy gücləndiricisinin də Yerə təhlükəsiz qaytarılması nəzərdə tutulurdu. Lakin eniş trayektoriyasında yaranan problem səbəbindən gücləndirici Meksika körfəzinə yönəldilib və suya çatmamış partlayıb.

Uçuş çərçivəsində şirkət yeni nəsil Starlink V3-ün 26 peykini də orbitə çıxarıb.

Starship sisteminin hər iki pilləsinin təkrar istifadəsi kosmik uçuşların maya dəyərini aşağı salmaq baxımından əhəmiyyətlidir. Texnologiyanın NASA-nın Artemis proqramı üzrə Aya uçuşlarda və SpaceX-in Marsa insan göndərmək planlarında tətbiqi nəzərdə tutulur.