QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Donald Tramp administrasiyası Avropadakı ABŞ hərbi kontingentini avropalı tərəfdaşların düşündüyündən daha az azaltmağı nəzərdən keçirə bilər.

Əvvəlki ehtimallara əsasən, Vaşinqtonun qitədən 25 minədək hərbçini çıxaracağı gözlənilirdi. İndi isə ixtisarın daha məhdud olacağı fikri üstünlük təşkil edir. Mümkün azalmanın konkret həcmi hələ açıqlanmayıb.

Məlumata görə, qərara Avropa ölkələrinin NATO çərçivəsində müdafiə büdcələrini artırmasının ABŞ tərəfindən müsbət qarşılanması təsir edib.

Hazırda Avropada təqribən 80 min ABŞ hərbçisi xidmət edir. Onların yerləşdirilməsi müttəfiqlərin müdafiəsi və NATO-nun şərq cinahında yarana biləcək təhdidlərin qarşısının alınması üçün əhəmiyyətli sayılır.

Donald Tramp Avropa dövlətlərini hərbi xərcləri yüksəltməyə, təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürməyə dəfələrlə çağırıb. ABŞ tərəfi avropalı müttəfiqlərin müdafiəyə daha böyük vəsait ayırmasını və Amerika hərbi imkanlarına bağlılığını azaltmasını istəyir.

Rusiya ilə münasibətlərdəki gərginliyin davam etdiyi və NATO-nun müdafiə gücünün artırılmasına ehtiyac duyulduğu bir vaxtda ABŞ kontingentinin ixtisarı Avropada narahatlıq yaradır.