QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, borcunu ödəməyən binalara istilik verilməyə bilər. Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Qurumun bildirdiyinə görə, istilik mövsümü sabahdan paytaxtda və ölkənin bir çox başqa ərazisində başlayır. Abonentlərin əksəriyyəti ödənişləri vaxtında həyata keçirib və ötən mövsümdən borcu qalmayıb.
Bununla belə, bəzi ərazilərdə xidmət haqqının ödənilməsi aşağı səviyyədədir. Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin 33,4 faizi, Sumqayıtda 173,7 min manatlıq xidmətin 41,6 faizi ödənilib. Bərdə rayonunda 319,6 min manatlıq xidmət üzrə ödəniş 29,5 faiz, Ağcabədidə 121,3 min manatlıq xidmət üzrə 17,5 faiz, Tərtərdə 255,2 min manatlıq xidmət üzrə 24,6 faiz, Goranboyda isə 93,4 min manatlıq xidmət üzrə 46 faiz təşkil edib.
“Azəristiliktəchizat” bildirib ki, ödənişlər edilmədiyi təqdirdə qazanxanaların işi dayandırılacaq. Mövsüm ərzində ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təchiz edilməsi planlaşdırılır.
Qurumun xidmət göstərdiyi, iqlimi nisbətən soyuq olan 18 rayonda istilik verilişinə noyabrın 1-də başlanıb.