QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə Halk TV-nin maliyyə mənbələrinin araşdırılması çərçivəsində üçüncü əməliyyat keçirilib. Saxlanılanlar arasında telekanalın aparıcısı Ece Üner və onun həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu da var.

On iki nəfərin saxlanılması barədə qərar qəbul edilib, polis onlardan doqquzunu nəzarətə götürüb. Saxlanılanların arasında İzmir Böyükşəhər Bələdiyyəsinin texniki baxış və təmir departamentinin rəhbəri Ulaş Eroğlunun da olduğu bildirilir.

İttiham tərəfi iddia edir ki, Halk TV-nin rəhbəri Cafer Mahiroğluna məxsus BUSTECH şirkəti vasitəsilə saxta sövdələşmələr və qaimələr tərtib olunub. İstintaqçıların qənaətinə görə, bələdiyyələrdə qanunsuz tenderlərdən əldə edildiyi ehtimal edilən gəlirlər bu yolla leqallaşdırılıb.

İşin materiallarında Ece Üner və həyat yoldaşına müəyyən şəxslərin sifarişi ilə materiallar hazırlamaq müqabilində hər ay 1 milyon 650 min türk lirəsi, təxminən 55 min manat ödənildiyinə dair iddialar yer alır.

Araşdırmada cinayət yolu ilə əldə olunan vəsaitlərin yuyulması, rüşvət alma, mütəşəkkil dəstə yaratma, dezinformasiya yayma və tender qanunvericiliyini pozma ehtimalları da yoxlanılır. Cafer Mahiroğlu ilə bağlı istintaq tədbirlərinin davam etdiyi qeyd olunur.

Əvvəlki iki əməliyyat mərhələsində 19 şübhəli nəzarətə götürülüb. Onlardan səkkizi məhkəmə qərarı ilə həbs edilib.