QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, heyvandarlıq və quşçuluq müəssisələrinin ümumi su sərfiyyatına nəzarət məqsədilə su kəmərinin giriş hissəsində sayğac quraşdırılması tələb olunacaq. Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, su şəbəkəsinin müxtəlif hissələrində bağlayıcı ventillər yerləşdirilməlidir. Onlar su xəttinin binaya daxil olduğu yerdə, magistral borudan ayrılan qollarda, qrup suvatlarında və texnoloji avadanlıqlara gedən xətlərdə quraşdırılmalıdır. Borulardakı suyun boşaldılması üçün ayrıca qurğular nəzərdə tutulmalıdır.
Heyvan və quşların gəzinti meydançalarında olan suvatlara su boru kəməri ilə çatdırılmalıdır. Heyvanların hərəkət etdiyi ərazilərdə, eləcə də boruların peyin təmizlənməsinə və ya yem daşınmasına mane ola biləcəyi yerlərdə xətt çəkməyə icazə verilmir.
Döşəmələrin yuyulması üçün nəzərdə tutulan kranların təsir sahəsi 30 metr olmalıdır. Çiləyicidə su təzyiqi isə ən azı 5 metr su sütunu səviyyəsində saxlanmalıdır.