QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Volkswagen”in enerji şirkəti “Elli” Almaniyada elektrik avtomobillərini şarj cihazına qoşulu saxlayan sürücülərə ilk il üçün 1341 manatadək bonus təklif edəcək.
Dekabrda işə düşəcək proqramla avtomobilin şarj cihazına qoşulu qaldığı uyğun saatlara görə 45 qəpik ödəniləcək. Aylıq bonus 112 manatı keçməyəcək, hər dəfə qoşulma isə minimum üç saat davam etməlidir.
Mükafat almaq üçün avtomobilin batareyasındakı elektrik enerjisini şəbəkəyə vermək şərt deyil. Proqrama qoşulmaq istəyənlərə uyğun avtomobil, ağıllı elektrik sayğacı, xüsusi şarj cihazı və müvafiq elektrik tarifi lazımdır.
“Elli” gələcəkdə avtomobil batareyalarından elektrik şəbəkəsinə ötürülən hər kilovat-saat enerji üçün 75 qəpik ödəməyi nəzərdə tutur. Xidmətin 2027-ci ildə Avropanın digər ölkələrində də tətbiqi planlaşdırılır.