QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Hindistanın Bihar əyalətində beş gün sürən toy mərasiminə ən azı 400 min nəfər qatılıb. Şənlik əyalətdəki kəndlərin birində keçirilib.

Mərasimi yerli Qanunvericilik Məclisinin üzvü Mokama Ananta Sinq təşkil edib. O, kiçik qızını ərə verib. Qonaqların qəbulu üçün bir neçə hektarlıq ərazidə altı helikopter meydançası qurulub. Ziyafətə 500-dən çox aşpaz cəlb edilib, 300 mətbəxdə 150 çeşid yemək hazırlanıb.

Bəy mərasim yerinə köhnə kabrioletlə gəlib. Onu 8-10 kilometrə çatan, 150-dən artıq limuzindən ibarət kortej müşayiət edib. Şənlikdə müxtəlif əyləncələr, o cümlədən Hindistanın müxtəlif bölgələrindən gətirilmiş 24 yarış atının iştirakı ilə yarış təşkil olunub. Yarışın qalibinə avtomobil verilib.

Pulsuz yemək əldə etmək üçün minlərlə yerli sakin də toy məclisinə gəlib.

Gəlinin atası Mokama Ananta Sinq müxtəlif cinayət ittihamları ilə bağlı həbsdə olduğu müddətdə girovla azadlığa buraxılıb. Onun cəzasını çəkmək üçün gələn həftə həbsxanaya qayıtması gözlənilir.