QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi ötən dövrdə işğaldan azad olunan ərazilərdə 47 əmək yarmarkası təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun keçirdiyi tədbirlər Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təmin olunmasına xidmət edib.

Yarmarkaların 12-si Laçında, 9-u Cəbrayılda, 8-i Zəngilanda, 5-i Xankəndidə, 4-ü Ağdamda, 3-ü Şuşada keçirilib. Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə ümumilikdə daha 6 yarmarka təşkil olunub.

Tədbirlər işsiz və iş axtaran şəxslərə yaşadıqları ərazidəki vakansiyalarla eyni məkanda tanış olmaq imkanı yaradıb. İştirakçılar işəgötürənlərlə birbaşa əlaqə saxlayıb, CV-lərini təqdim edə biliblər. İşəgötürənlər isə uyğun peşə və ixtisaslara sahib namizədləri daha qısa müddətdə seçmək imkanı əldə ediblər.

Bundan əlavə, Laçında peşə yarmarkası keçirilib. Burada işəgötürənlər 40-dan çox peşə istiqamətini təqdim edib, həmin sahələr və tədris aparılan müəssisələr barədə məlumat verilib. Tədbir çərçivəsində ustad dərsləri də təşkil olunub.