QafqazNews TASS-a istinadən xəbər verir ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı münaqişənin Aralıq dənizi regionuna yayılmasından narahat olduğunu və beynəlxalq hüquqa əməl edilməsini tələb etdiyini açıqlayıb.

Müdafiə Nazirliyinin jurnalistlər üçün keçirilən brifinqində bildirilib ki, Ankaranın diqqəti "rus-ukrayna konfliktinin Aralıq dənizinə təsirlərinin yayılmasına, eləcə də bunun dəniz təhlükəsizliyi üçün yaratdığı risk və təhdidlərə" yönəlib.

Nazirlik xatırladıb ki, beynəlxalq hüquqa əsasən neytral dövlətin ərazi sularında düşmənçilik hərəkətləri aparmaq qadağandır. Mətnə görə, Liviya da Bəngazi limanında və ətrafında gəmilərə edilən hücumları BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının diqqətinə çatdırıb.

Müdafiə Nazirliyi vurğulayıb ki, döyüşən tərəflər beynəlxalq hüquqa, xüsusən də mülki gəmilərin atəşə tutulmasının qadağan olunmasına riayət etməlidir.

Ankara eyni zamanda Ukrayna konfliktinin yayılmasının qarşısını almaq məqsədilə səylərini davam etdirəcəyini və bu kontekstdə Aralıq dənizində dəniz təhlükəsizliyi və gəmiçiliyin təmin olunması, yurisdiksiya dəniz zonalarının və kritik infrastrukturun qorunması üçün zəruri tədbirləri görəcəyini bildirib.