QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) HƏMAS-ın hərbi qanadının yüksək rütbəli üzvünə qarşı birgə əməliyyat keçirib.
İsrail Müdafiə Qüvvələri ilə Şin Betin ortaq bəyanatında əməliyyat barədə məlumat verilib. İsrail tərəfi hədəfin adını əvvəlcə açıqlamayıb. Reuters-in məlumatına görə, zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri Samir Əbu Yunis öldürülüb.
HƏMAS-ın Əl-Qəssam briqadaları 53 yaşlı komandirin ölümünü təsdiqləyib. Onun təşkilatın Rəfah briqadasına rəhbərlik etdiyi və 1991-ci ildən hərbi qanadda fəaliyyət göstərdiyi bildirilib.
Əbu Yunis 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törədilən hücumun planlaşdırılması və idarə olunmasında iştirak etmiş əsas komandirlərdən biri olub.
Zərbə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində endirilib. Hücumda bir neçə nəfərin də yaralandığı qeyd olunub.
İsrailin müdafiə naziri İsrael Kats əməliyyatdan sonra HƏMAS rəhbərliyinə qarşı zərbələrin davam etdiriləcəyini bildirib.