QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İsrailin “Mossad” kəşfiyyat xidməti İranın pilotsuz uçuş aparatı ilə Donald Trampa hücum planlaşdırdığı barədə məlumatları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) verib.

Bu məlumatdan sonra ABŞ-də xüsusi təhlükəsizlik tədbirləri görülüb. Trampın ictimai çıxışları məhdudlaşdırılıb, bəzi yüksəkvəzifəli amerikalı rəsmilər isə evlərindən mühafizə olunan obyektlərə köçürülüb.

Son günlər ABŞ ilə İran arasında razılaşma ehtimalı xeyli zəifləyib. Buna qismən MKİ-nin Mossaddan aldığı məlumatların təsir etdiyi bildirilir. Həmin məlumatlar Trampın Tehranla danışıqlara münasibətini son vaxtlar dəyişməsinin səbəblərindən biri olub.

Bu həftənin əvvəlində Mossad rəhbəri Roman Qofmanın İranla münaqişənin gedişini müzakirə etmək üçün Vaşinqtona səfər etdiyi bildirilib. İsrailin baş naziri Benyamin Netanyahunun yaxın çevrəsinə daxil olan Qofmanın səfəri Netanyahunun Trampa İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün təzyiq göstərdiyi vaxta təsadüf edib.

Tramp cümə axşamı bildirib ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin xahişini nəzərə alaraq, Vaşinqton İranla münaqişədə daha sərt addımlar atmaq istəmir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazına dair razılaşma şərtlərini pozduğunu əsas gətirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən başladıb.

Dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təqribən 20 faizi Hörmüz boğazından keçir.