QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, müharibə veteranları aylıq təqaüd, vergi güzəştləri, təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi və bir sıra digər imtiyazlardan istifadə edə bilirlər.
Veteran statusunu təsdiqləyən vəsiqəni aldıqdan sonra şəxslərə ayda 80 manat təqaüd təyin olunur.
Əlillik qeydə alınmadığı təqdirdə ağır xəsarət alanlara 2 750 manat, yüngül xəsarət alanlara isə 550 manat birdəfəlik sığorta ödənişi verilməsi nəzərdə tutulur.
İş yerlərinin ixtisarı zamanı veteranların işdə saxlanılması üçün üstünlük hüququ var. Onlara minimum 46 təqvim günü məzuniyyət ayrılır. İşçinin müraciəti əsasında bir iş ili ərzində 14 təqvim gününədək ödənişsiz məzuniyyət də verilə bilər.
Vergi sahəsində də güzəştlər tətbiq edilir: muzdlu işdən qazanılan aylıq gəlirin 400 manatı vergidən azad olunur. Torpaq vergisi 10 manat, əmlak vergisi isə 30 manat məbləğində azaldılır.
Bakalavr, magistratura və kollec proqramlarında ödənişli əsaslarla oxuyan veteranların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Bundan əlavə, onlar özünüməşğulluq proqramına növbədənkənar daxil edilir və kiçik ailə təsərrüfatı və müəssisə yaratmaq üçün aktivlərlə təmin olunur.
Veteranlara narkoloji dispanserdən və sağlamlıq haqqında arayışlar da ödənişsiz təqdim edilir.