QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qadın və qızlara qarşı zorakılığın bütün formalarının dayandırılmasının vacibliyini vurğulayıb. O, zərərçəkənlərin hüquqlarının qorunmasına və təqsirkarların qanun qarşısında cavab verməsinə çağırıb.
Ombudsman bu fikirləri noyabrın 25-dən dekabrın 10-dək keçirilən “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” beynəlxalq kampaniyası çərçivəsində yayımladığı videomüraciətdə səsləndirib.
Səbinə Əliyevanın sözlərinə görə, qadın və qızlara qarşı zorakılıq şəxsi və ya ailədaxili problem deyil, insan hüquqlarının ciddi pozuntusudur. O bildirib ki, fiziki, psixoloji, iqtisadi və rəqəmsal zorakılığın heç bir növünə haqq qazandırmaq mümkün deyil.
Ombudsman gender bərabərliyinin təşviqi və zorakılığın önlənməsi naminə cəmiyyətin bütün üzvlərini birgə fəaliyyət göstərməyə səsləyib. O, medianın gender bərabərliyi mədəniyyətinin yayılmasında fəal rol oynamasının əhəmiyyətini də qeyd edib.
Əliyeva zorakılıqdan zərər görənlərə hərtərəfli müdafiə və qayğı göstərilməli, ədalətli mühakimə hüquqları təmin olunmalı olduğunu bildirib. Təqsirkarların isə qanun qarşısında məsuliyyət daşımalı olduğunu vurğulayıb.
O, zorakılıqla üzləşənləri və ya belə hallardan məlumatı olanları susmamağa, hüquq-mühafizə orqanlarına, yaxud Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.
Builki beynəlxalq kampaniya “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!” şüarı ilə keçirilir. Təşəbbüs noyabrın 25-dən dekabrın 10-dək davam edəcək.