QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın yeni konstitusiya layihəsi hakim Vətəndaş Sazişi Partiyasının üzvləri üçün də gözlənilməz olub. Sənəd dərc edilməzdən qabaq partiya daxilində müzakirə ediləcəyinin bildirilməsinə baxmayaraq, bu baş tutmayıb.
Ermənistanın “Hraparak” nəşrinin partiyadakı mənbələrinə əsasən, hakim qüvvədə konstitusiya hüququ üzrə mütəxəssislərin rəyləri izlənilir və layihənin səviyyəsi təəccüb doğurur. Qəzetin həmsöhbətinin fikrincə, mətndəki çoxsaylı çatışmazlıqların aradan qaldırılması azı bir il çəkə bilər.
Məlumata görə, layihə konstitusiya islahatları komissiyasına da təqdim edilməyib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan istefasını tələb edən müxalifət qüvvələrinə yeni konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə razılıq verməyi təklif edib. Paşinyan bildirib ki, bu razılıq əldə olunmasa, növbədənkənar seçki keçirilə bilər və səsvermənin nəticəsində parlamentdəki iki müxalifət qüvvəsindən heç biri parlamentə düşməyə bilər.
Azərbaycan konstitusiya dəyişikliyini Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürür. Konstitusiyanı dəyişmək və ya referendum prosesinə başlamaq üçün parlamentdə səslərin üçdə ikisi tələb olunur. 2026-cı il seçkisində 49,81 faiz səs qazanan hakim partiya bu konstitusion çoxluğu əldə edə bilməyib.