QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda rayonların gəlir göstəriciləri sənaye sahələrinin quruluşu, təbii sərvətlər və dövlət investisiyalarının istiqamətindən asılı olaraq dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatlarında respublika tabeli böyük şəhərlər nəzərə alınmadan orta aylıq nominal əməkhaqqı yüksək olan rayonların əsasən mədən sənayesi və iri bərpa layihələrinin həyata keçirildiyi ərazilər olduğu bildirilir. Həmin bölgələrdə iqtisadi fəaliyyət və əməkhaqqı fondu göstəriciləri yüksəldir.
Rayonlar üzrə ilk yerdə Daşkəsən qərarlaşıb. Burada muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 543,6 manatdır. Bu məbləğ ölkə üzrə 1 172,7 manatlıq ortalamadan təxminən 371 manat çoxdur. Daşkəsəndə qızıl və dəmir filizi hasil edən iri dağ-mədən müəssisələrinin fəaliyyəti yüksək göstəricinin əsas səbəbi kimi göstərilir. Rayon ölkə üzrə ümumi sıralamada Bakını da qabaqlayaraq ikinci yerdədir.
İkinci pillədə Şuşa yer alır: orta aylıq əməkhaqqı 1 144,7 manat təşkil edir. Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, dövlət proqramları çərçivəsində açılan iş yerləri bu göstəriciyə təsir göstərir. Tikinti, turizm, xidmət və dövlət idarəçiliyində çalışan mütəxəssislərə tətbiq edilən əməkhaqqı əmsalları və əlavə güzəştlər də nəzərə çarpan amillərdəndir.
Xocalı 1 138,8 manatla üçüncü sıradadır. Böyük Qayıdış proqramı çərçivəsində infrastrukturun bərpası, kənd təsərrüfatı və sənayeyə yatırılan vəsait, eləcə də məşğulluğun yüksək əməkhaqqı fondu ilə təmin olunması rayonun ilk üçlükdə yer almasına təsir edib.
Zəngilanda orta aylıq əməkhaqqı 1 089,8 manatdır. Şərqi Zəngəzurun logistika və nəqliyyat mərkəzlərindən sayılan rayonda hava limanı, avtomobil və dəmir yolu xətləri, “ağıllı kənd” layihələri və aqroparklar üzrə fəaliyyət gəlirlərin yüksəlməsinə zəmin yaradıb.
İlk beşliyi Gədəbəy tamamlayır. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 1 023 manatdır. Qızıl-mis hasilatı və emalı, həmçinin özəl sektorda ixtisaslı işçilərə tələbat bu məbləğin 1 000 manatdan yüksək olmasına təsir göstərir.
Ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı rayonlarda deyil, respublika tabeli Xankəndi və Bakı şəhərlərində qeydə alınıb. Xankəndidə göstərici 1 658,8 manat, Bakıda isə 1 479,4 manatdır. İqtisadi dövriyyə və sənaye məhsullarının ümumi istehsalına görə Abşeron rayonu, paytaxta yaxınlığı və sənaye zonalarının çoxluğu sayəsində, regionlar arasında liderliyini saxlayır.