QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərindəki internet salonlarından birindən 1500 manatlıq “PlayStation 5” oyun konsolunun oğurlanması ilə bağlı polisə məlumat verilib.

Polisin Abşeron rayonunda keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E. Fərzəliyev saxlanılıb. O, salona müştəri qismində daxil olub, konsolu gətirdiyi idman çantasına qoyaraq oradan uzaqlaşıb.

Araşdırma çərçivəsində E. Fərzəliyevin paytaxtda yaşadığı mənzilə baxış keçirilib. Mənzildə “Glock” markalı tapança, daraq və yeddi patron tapılıb. Məlum olub ki, E. Fərzəliyev odlu silah-sursatı tanışı S. Qocamanovla əvvəlcədən əlbir olaraq əldə edib və satış məqsədilə saxlayıb. S. Qocamanov da əməliyyat zamanı tutulub və istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlanıb. Hər iki şəxs təqsirləndirilən qismində istintaqa cəlb olunub. Araşdırma davam edir.