QafqazNews Manset.az-a istinadən xəbər verir ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü kilometrində, Qusarın Samur qəsəbəsində paytaxt istiqamətində yeni elektron tərəzi quraşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bildirdiyinə görə, tərəzi vasitəsilə nəzarət tədbirlərinə noyabrın 30-da başlanacaq.

Avtomobil yollarında yeni texnologiyalı elektron tərəzilərin quraşdırılması mərhələlərlə aparılır. Bu qurğular yük avtomobillərinin icazə verilən çəki hədlərinə uyğunluğunu avtomatik yoxlamağa imkan yaradır.

Yük nəqliyyat vasitəsi ümumi istifadədə olan yolda müəyyən edilmiş çəki parametrlərini aşaraq hərəkət etdikdə, qayda pozuntusu elektron tərəzi ilə müəyyənləşdirilir. Bu barədə məlumat real vaxtda elektron şəkildə mərkəzi informasiya sisteminə göndərilir və inzibati tənbeh barədə qərar elektron qaydada çıxarılır.

Daşıyıcılara qanunvericilikdə nəzərdə tutulan qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə normalarına əməl etmək tövsiyə olunur.