QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, soyuq havalarda mənzil və fərdi evlərin qızdırılması üçün daha çox enerji sərf edilməsi təbiidir. Bununla belə, kommunal ödənişlərin artmasında istehlakla yanaşı, enerjidən səmərəli istifadə olunmaması da rol oynayır. İstilik itkisi, düzgün qurulmayan sistemlər və sərfiyyata nəzarət edilməməsi əlavə xərc yarada bilər. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, evi daha çox qızdırmaq hər zaman problemin həlli deyil: istiliyin qorunmaması və zəif izolyasiya da səbəb ola bilər.

Nəsirlinin sözlərinə görə, ilk növbədə evin istilik izolyasiyasını yaxşılaşdırmaq lazımdır. Pəncərə və qapılardan soyuq hava keçməsi, eləcə də divar və damdan istiliyin çıxması sərfiyyatı yüksəldir. Pəncərələri kip bağlamaq, qapı boşluqlarını izolyasiya etmək, dam və divarların qoruyuculuğunu artırmaq istilik sistemlərinin enerji sərfini azalda bilər. Bu addımlar xüsusilə fərdi evlərdə önəmlidir.

İstilik avadanlıqlarının düzgün işləməsinə də diqqət yetirilməlidir. Ekspert kombi və digər sistemlərin vaxtaşırı texniki baxışdan keçirilməsini, radiatorların normal fəaliyyət göstərməsini tövsiyə edib. Radiatorların önünü mebel və qalın pərdələrlə örtmək istiliyin otaqda yayılmasını çətinləşdirir. Evdə temperaturu həddən artıq qaldırmaq əvəzinə, rahatlıq və sağlamlıq üçün yetərli səviyyədə saxlamaq məqsədəuyğundur. Gecələr və ev boş olanda istilik rejimini azaltmaq da qənaətə yardım edir.

Elektrik enerjisinə gəlincə, Nəsirli yüksək sərfiyyatlı elektrik qızdırıcılarını uzun müddət nəzarətsiz işlətməyin həm xərci artırdığını, həm də təhlükəsizlik riski yaratdığını qeyd edib. Enerjiyə qənaət edən lampalar seçmək, istifadə edilməyən cihazları elektrik şəbəkəsindən ayırmaq və məişət texnikasını səmərəli rejimdə işlətmək ümumi istehlakı aşağı sala bilər.

Ekspert enerji qənaətinin yalnız sakinlərin məsuliyyəti olmadığını vurğulayıb. Onun fikrincə, dövlət binaların enerji effektivliyini artırmalı, köhnə yaşayış fondunu yeniləməli, istilik sistemlərini müasirləşdirməli və enerjiyə qənaət edən avadanlıqlardan istifadəyə stimul yaratmalıdır. Çoxmənzilli binalarda istilik itkisinin azaldılması ailələrin kommunal ödənişlərinə və ölkə üzrə enerji istehlakına müsbət təsir göstərə bilər.

Nəsirli bildirib ki, qışda qənaətin əsas yolu daha çox qaz və elektrik sərf etmək yox, evdəki istiliyi qorumaq və istilik sistemlərindən düzgün yararlanmaqdır. Bu yanaşma həm ailə büdcəsinə, həm də enerji resurslarından səmərəli istifadəyə fayda verə bilər.