QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şabranlı sahibkar Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev və digər şəxslərin ona məxsus şirkətləri, torpaqları və əmlakı ələ keçirdiyini iddia edir. 2017-ci ildən başlayan məhkəmə çəkişmələri, onun sözlərinə görə, qarşı tərəfin məhkəməyə müraciət hüququndan sui-istifadəsi ucbatından hələ də yekunlaşmayıb.
İbrahimov Azərbaycanın şimalında yüzlərlə hektar meyvə və üzüm bağlarının, soyuducu anbarın, eləcə də “Turaz” MMC və “Dostluq Aqro” MMC-nin əlindən alındığını bildirib. O, təsərrüfatı 2005-2006-cı illərdə şəxsi vəsaiti ilə qurduğunu, sonradan İlham Əliyevin şirkətə şərik olmasından sonra təzyiqlərlə üzləşdiyini, Moskva bazarında satışdan əldə edilən pulların mənimsənildiyini və məhkəmələrdə qanunsuzluqlar baş verdiyini deyib.
Sahibkarın sözlərinə görə, 2006-cı ildə üzüm bağı yaratmağa başlayıb, 2009-cu ilə qədər isə 84 hektar meyvə bağı və 40 hektar nar bağı salıb. 2010-cu ildə üzüm satışından 300 min manat gəlir əldə edib. O bildirib ki, həmin vaxt təsərrüfatına kənd təsərrüfatı nazirləri İsmət Abbasov, Heydər Əsədov və Şahin Mustafayev dəfələrlə baş çəkiblər.
İbrahimovun sözlərinə əsasən, 2011-ci ildə bağlarının sahəsi 196,5 hektara çatıb və təsərrüfatın gəliri iki milyon manata yaxın olub. Kərim Məmmədov və keçmiş bank-vergi əməkdaşı Məhəmməd Balaqadaşov ona İlham Əliyevin şirkətə şərik olacağını bildiriblər. Sahibkar bu təkliflə razılaşmadıqda ona qarşı təzyiq göstərildiyini iddia edir.
İbrahimov danışıb ki, 2011-ci ilin fevral ayının sonlarında gecə bağlardan qayıdarkən avtomobili saxlanılıb. Bağları qorumaq məqsədilə avtomobildə gəzdirdiyi qanuni ov silahına görə polis bölməsinə aparıldığını və bir sutka saxlandığını söyləyib. Onun sözlərinə görə, məhkəməyə çıxarılmayıb, səhər izahat alınmadan sərbəst buraxılıb, lakin avtomobilini və silahını qaytarmaq istəməyiblər.
Sahibkar iddia edir ki, azadlığa çıxdıqdan sonra Məmmədov və Balaqadaşov yenidən onunla əlaqə saxlayaraq şəriklik təklifini qəbul etməyəcəyi təqdirdə problemlərlə üzləşəcəyini bildiriblər. İbrahimovun sözlərinə görə, martın 3-də İlham Əliyev şirkətə gəlib və 7 milyon manat sərmayə yatıracağını vəd edib, amma sonradan heç bir vəsait qoymayıb. O, həmin görüşdə Əliyevin polis və prokurorluqda ona “yaşıl işıq” olacağını dediyini də bildirib.
İbrahimovun sözlərinə görə, martın 10-da Əliyev “Turaz” MMC-nin adından Azərbaycan Beynəlxalq Bankından 20 milyon manat kredit götürmək üçün sənədlər hazırladıb. Sahibkar sənədləri imzalamaqdan və möhürləməkdən imtina etdiyini, bundan sonra aralarında açıq narazılıq yarandığını deyib.
O, İlham Əliyevin şirkətə gələndən sonra rəsmi hesabat aparan iki mühasibi işdən çıxarıb, onların yerinə Məsim Quliyevi gətirdiyini iddia edib. İbrahimovun bildirdiyinə görə, Quliyev sonradan Əliyevlə mübahisədən sonra müəmmalı avtomobil qəzasında ölüb.
İş adamı bildirib ki, Ramiz Mehdiyev 2011-ci ilin aprelində Şabranın Gəndab kəndindəki bağlara köhnə “Mitsubishi” ilə gəlib. Onun sözlərinə görə, Mehdiyev daha sonra da bağlara və soyuducu anbara baş çəkib, ərazidə hərəkət etmək üçün elektromobildən istifadə edib.
İbrahimovun iddiasına görə, onun 12 hektarlıq fındıq bağı da məhv etdirilib. O bildirib ki, Mehdiyev Kilvar kəndindəki evinə gedərkən yol kənarındakı bağı görüb, icra başçısına sahənin şumlanaraq yerində arpa əkilməsi barədə göstəriş verib. Sahibkar bu prosesin görüntülərinin diskdə olduğunu və mətbuata təqdim edə biləcəyini söyləyib.
İbrahimovun sözlərinə görə, 2011-2017-ci illərdə təsərrüfatını böyüdüb: mövsümi işçilərin sayı 500 nəfərə, bağların sahəsi isə 400 hektara çatıb. İllik gəlirin 2012-ci ildə 3,5 milyon manata, sonrakı illərdə 5,2 milyon, 6,5 milyon və 10 milyon manata yüksəldiyini deyən sahibkar, 2017-ci ildə təsərrüfatdan tam uzaqlaşdırıldığını bildirib.
Meyvələrin Moskvanın “Food City” bazarında satıldığını söyləyən İbrahimov, oradakı Rəsul adlı şəxsin satış gəlirlərini İlham Əliyevə göndərdiyini iddia edib. Onun sözlərinə görə, şirkətə bəzən 30-50 min manat qaytarılsa da, pulun böyük hissəsi Əliyevə, bir hissəsi isə 2013-cü ildən Rusiyada axtarışda olan Kərim Məmmədova çatıb. İbrahimov mənimsənildiyini bildirdiyi vəsaitin 40-50 milyon manatdan çox olduğunu deyib.
Sahibkar şirkətin sənədlər üzərindən ələ keçirilməsini də təsvir edib. Onun bildirdiyinə görə, Milli Təhlükəsizlik Nazirliyinin təzyiqlərindən yayınmaq üçün 2006-cı ildə yaratdığı “Turaz” MMC-ni və 50 hektardan artıq torpağı Gəndobda əvvəllər müəllim işləmiş Cavanşir Quliyevin adına rəsmiləşdirib, özü isə direktor olub.
İbrahimov iddia edir ki, 2008-ci ilin avqustunda Kərim Məmmədov və Cavanşir Quliyev Xaçmaz notariat kontorunda saxta müqavilə bağlayaraq şirkətin möhür və ştampını Məmmədovun dörd bacısının adına keçiriblər. Daha sonra bacıların saxta təsisçi qərarı ilə “Turaz” MMC-nin əmlakı 25 faizlik paylarla bölüşdürülüb.
Sahibkarın sözlərinə görə, 2019-cu ildə o və Cavanşir Quliyev Şabran Rayon Məhkəməsində iddia qaldıraraq saxta əqdləri ləğv etdiriblər. Məhkəmə onun xeyrinə qərar çıxararaq əmlakın və 55 hektar bağın qaytarılmasını təmin edib.
İbrahimov bildirib ki, iş Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılarkən qarşı tərəfin vəkili qərarın elan olunacağı gün üç gün vaxt istəyib. Həmin müddətdə İlham Əliyev, Kərim Məmmədov və vəkil Aqamovun Cavanşir Quliyevi Quba “ASAN xidmət” mərkəzinə apardığını, onun etibarnamələrə xitam verdiyini və iddiasının olmadığını bildirən ərizə yazdığını söyləyib. Nəticədə iddiaçı geri çəkildiyi üçün işə baxılmayıb.
İş adamı Ramiz Mehdiyevin vəzifədə olduğu dövrdə hakimlərin qorxduqları üçün ədalətli qərar verə bilmədiyini iddia edib. O, bir hakimin qərar layihəsini vəkili ilə hazırlamağı təklif etdiyini, lakin özünün pensiyaya sağ çıxmaqdan ehtiyatlandığını söylədiyini qeyd edib.
İbrahimov hazırda “Turaz” MMC və “Dostluq Aqro” MMC-yə aid ümumilikdə 600 hektar meyvə bağının, şirkət vəsaiti ilə tikilmiş soyuducu anbarın, habelə şəxsi mülkiyyətində olduğunu bildirdiyi 89 hektar torpağın əlindən alındığını iddia edir. Onun sözlərinə görə, soyuducu anbar İlham Əliyevin oğlunun adına yaradılmış “Hikmət Aqro” MMC-yə yönəldilib. Sahibkar şirkətlərinin, bağlarının, anbarın və torpaq sahəsinin özünə qaytarılmasını tələb edir.