QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, SOCAR və Fransanın “Schneider Electric” şirkəti əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.

Razılaşma enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənaye avtomatlaşdırması, rəqəmsallaşma və enerji səmərəliliyi istiqamətlərində tərəfdaşlığın artırılmasını nəzərdə tutur. Planlara SOCAR-ın aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin yenilənməsi, enerji sərfiyyatını və avadanlıqların işini optimallaşdıran rəqəmsal həllərin tətbiqi daxildir. Həmçinin müəyyən obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və icrası nəzərdə tutulur.

Tərəflər birgə layihələr həyata keçirməyi, texniki xidmət və bilik mübadiləsi aparmağı, məhsulların yerli istehsal imkanlarını araşdırmağı planlaşdırırlar. Əməkdaşlıq dayanıqlılıq və xalis sıfır emissiya hədəflərinə nail olmaq istiqamətində də davam edəcək.