QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Şəki rayonunun Suçma kənd sakini Gülzar Rəsulovanın ailəsi onun ölümünü təsdiqləyən tibbi sənədi hələ də əldə edə bilməyib. Mərhumun oğlu Taleh Rəsulov məsələ ilə bağlı bir neçə quruma müraciət etsə də, nəticə olmayıb.
Rəsulovun sözlərinə görə, anası bu il yanvarın 17-də Bakıda keçirilən toya gedərkən yolda dünyasını dəyişib. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılanadək ölüm faktı qeydə alınıb. Ailə onu dəfn olunması üçün Şəkiyə aparıb, lakin ölüm haqqında tibbi sənəd verilməyib.
Taleh Rəsulov bildirib ki, bankdan da ona zəng edərək ölüm sənədini təqdim etməsini istəyirlər. “Deyirəm rəhmətə gedib. Deyir ki, rəhmətə gedib, kağız gətir, ölüm kağızını gətir. Ölüm kağızı da yoxdur, verilmir. Hara gedirəm mümkün deyil. Deyir ölüm faktı təsdiqlənməyib. İndi təsdiqlənmədiyi üçün bu adama ölüm kağızı verilməyəcək?” – deyə o bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, 1959-cu il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə gətirilənədək vəfat edib. Həkimlər mərhumun Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılmasını təklif etsələr də, ailə üzvləri bu təkliflə razılaşmayıb. Ölümün səbəbi müəyyən edilmədiyindən müvafiq tibbi sənədin verilməsi mümkün olmayıb.
Qurumun məlumatına əsasən, ölümün səbəbi bəlli olduqda şəhadətnamə vəfat edənin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazidəki ambulator tibb müəssisəsi tərəfindən, xəbərdarlıq vərəqəsi və ya tibbi sənədlər əsasında verilir. Bu qayda hamiləlik və doğuşla bağlı ana ölümlərinə, yoluxucu xəstəlik və ya belə xəstəliyə şübhə olan hallara, tibbi müayinə və müdaxilə zamanı baş verən araşdırılmalı ölümlərə, zorakı ölüm ehtimalına, səbəbi bilinməyən digər hallara, eləcə də qohumların müayinə və müalicə ilə bağlı şikayətlərinə şamil olunur.
Şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarma aparılmalıdır. Ailənin bu prosedura etiraz etməsi və yarma keçirilmədən dəfnin baş tutması ölüm səbəbinin müəyyənləşdirilməsini çətinləşdirə, bəzi hallarda isə sənədin verilməsini mümkünsüz edə bilər.
Gülzar Rəsulovanın yaxınlarına ölüm haqqında sənəd almaq üçün məhkəməyə müraciət etməkdən başqa yol qalmadığı bildirilir. Sənədin yalnız məhkəmə prosedurları nəticəsində əldə olunması mümkün ola bilər.