QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda iş yoldaşının 3 min manat dəyərində olan boyunbağısını götürən şəxsə məhkəmə hökmü çıxarılıb.
Hadisə Nəsimi rayonunda yerləşən mənzildə yaşanıb. Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan 28 yaşlı Cavad Xəlilov gecəni iş yoldaşı Xəqaninin evində keçirib. Səhər mənzildən çıxarkən dolabdan ona məxsus 17 qramlıq boyunbağını götürüb.
Ertəsi gün Xəqani iş yerində boyunbağı barədə soruşub. Cavad əşyanı rayona qonaq gedib qayıdandan sonra verəcəyini bildirib, lakin onu qaytarmayıb. Sonradan məlum olub ki, boyunbağını “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı lombarda girov qoyaraq 1700 manat alıb.
Əşyasını geri ala bilməyən Xəqani polisə müraciət edib. Cavad barəsində cinayət işi başlanıb və işə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmə Cavad Xəlilovu bir il müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edib. Həmçinin onun ayağına elektron qolbaq taxılıb.