Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, bu gündən etibarən “TəhsilPlus” kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Kampaniya 2–30 noyabr tarixlərini əhatə edir və Bakı metrosu ilə avtobuslarda keçərlidir. TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cümə gününədək ilk gedişi 1 qəpik təşkil edir.

Güzəşt kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. Buna əlavə olaraq, TəhsilPlus kartı ilə ictimai nəqliyyat üzrə ödənişlərə 10% bonus da tətbiq edilir.

Hazırda TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə təqdimat prosesi mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. İldə aktiv kart istifadəçilərinin sayı 185 min nəfəri ötüb.

Qeyd edək ki, TəhsilPlus kartı həm əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirir, həm də təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi istifadə olunur. Kart istifadəçiləri həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət və istirahət sahələrində endirim və bonuslardan yararlana bilirlər.