QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan geyim, ayaqqabı, məktəb ləvazimatları və digər məhsulların təhlükəsizliyini tənzimləyən yeni qaydalar hazırlanır. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev media təlimində məlumat verib.
Quluyevin sözlərinə görə, “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında Texniki Reqlament” layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb. Hazırda sənədin Nazirlər Kabinetinə təqdim olunması mərhələsi davam edir.
Layihənin əhatə dairəsinə sanitariya-gigiyena və qalantereya məhsulları, tekstil və dəridən hazırlanan geyimlər, həmçinin xəz və trikotaj məmulatları daxildir. Uşaq arabaları və onların hissələri, uşaq ədəbiyyatı, kitablar, jurnallar, eləcə də məktəb və yazı ləvazimatları da reqlamentdə nəzərdə tutulub.
Tələblər uşaqlar üçün istehsal edilən ayaqqabılara da şamil ediləcək. İdman, milli və ortopedik ayaqqabılar bu əhatəyə daxil deyil.
Elməddin Quliyev bildirib ki, layihə ilə sadalanan məhsulların kimyəvi və bioloji təhlükəsizliyinə dair meyarların müəyyənləşdirilməsi planlaşdırılır. Məhsulların bu tələblərə uyğunluğu uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma əsasında qiymətləndiriləcək.
Texniki reqlament hələ təsdiq olunmayıb. Sənəd Nazirlər Kabinetinə təqdim edilmə mərhələsindədir və onun qüvvəyə minəcəyi tarix müəyyən edilməyib.