Azərbaycan Dəmir Yolları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun dəmir yolu infrastrukturundakı işlərə davam edir. Xəbər verir ki, proqram çərçivəsində Bakı ətrafında dəmir yolu şəbəkəsinin yenidən qurulması üçün müxtəlif xətlər üzərində işlər nəzərdə tutulub. Bunlardan biri Yeni Suraxanı–Hövsan xəttinin bərpasıdır.

Qeyd olunmuş xətlər arasında Bakxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı Yeni Suraxanı–Hövsan xəttinin də bərpası planlaşdırılır. Yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanıb.

Yeni Suraxanı–Hövsan xəttinin stansiyalarının yerləşməsi ilə bağlı optimallaşdırma işləri yekunlaşıb və yerlər müəyyənləşdirilib. Həmin xətt üzrə mühafizə zonasında yerləşən və tikinti obyektləri çərçivəyə düşən 111 mülkiyyətçi qeydiyyata alınıb, müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib. Sözügedən xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb; təhlükəsiz hərəkətin təminatı üçün çəpərləmə işlərinə başlanılıb.

Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə 4 stansiya tikilməsi və ya bərpası nəzərdə tutulur. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidləri və yol kəsişmələrində müxtəlif səviyyəli körpü keçidləri qurulacaq.