QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi ölkənin hava limanlarında uçuşların dayandırılmasına səbəb olan texniki nasazlıq barədə açıqlama verib.
Daffi hadisəyə görə podratçı “L3Harris” şirkətini məsul sayıb. Nazir bildirib ki, şirkət ya qüsurlu marşrutlaşdırıcı quraşdırıb, ya da texniki xidmət işlərini lazımi qaydada yerinə yetirməyib.
Onun sözlərinə görə, mümkün səhlənkarlıqla bağlı araşdırma aparılır və təqsirli şəxslərin cəzalandırılması planlaşdırılır.
Nazir qeyd edib ki, problem mis kabellərin optik liflə əvəzlənməsi üçün nəzərdə tutulan planlı işlərdən sonra üzə çıxıb. Dəyişdirilmiş marşrutlaşdırıcı hər 4-5 saniyədən bir uçuşların idarə olunması sisteminin digər qovşaqlarına təxminən 1 000 qoşulma sorğusu göndərib.
Bunun ardınca təyyarələrlə radioəlaqədə, eləcə də radar məlumatlarının ötürülməsində fasilələr yaranıb.
“L3Harris” hadisənin daxili araşdırılmasına dəstək verdiyini bildirib. Şirkət uçuşların dayandırılmasının sərnişinlər, aviaşirkətlər və hava hərəkətinin idarə olunması üzərindəki təsirlərinə ciddi yanaşdığını vurğulayıb.